Category: Tarix

  • Misirlilər piramidaları tikmək üçün liftlərdənmi istifadə ediblər?

    Misirlilər piramidaları tikmək üçün liftlərdənmi istifadə ediblər?

    Misir piramidaları minlərlə il əvvəl tikilib, lakin onların necə inşa edildiyi uzun müddətdir ki, alimləri heyrətləndirir.

    Bununla belə, indi mütəxəssislər piramidaların necə tikilməsinin sirrini açmış ola biləcəklərini düşünürlər.

    Yeni bir araşdırma, qədim misirlilərin piramidanın daxilində “su lifti”ndən istifadə etdikləri nəzəriyyəsini irəli sürür.

    Eynilə vulkanlardan lava yerin içindən çıxdığı kimi, bu üsulla da nəhəng daşlar bir otaq vasitəsilə yuxarıya daşın bilər.

    Mütəxəssislər nə kəşf ediblər?

    Cosərin Pilləli Piramidası Misirin ən qədim piramidası kimi tanınır. Bu piramida dörd min 500 ildən daha çox əvvəl tikilib.

    Misirin paytaxtı Qahirənin cənubunda yerləşən bu piramida altı pilləli təbəqədə nəzərəçarpan 62.5 metr hündürlüyə çatır.

    İndi, fransız tədqiqatçılardan ibarət bir qrup bu nəhəng piramidanın necə tikildiyini anlamış ola biləcəklərinə inanır.

    Mütəxəssislər piramidanın ətrafındakı mənzərələri, habelə tunelləri və binanın içini araşdırıblar və qədim misirlilərin su əsaslı bir sistemdən istifadə etmiş ola biləcəyini göstərən dəlillər tapdıqlarını deyirlər.

    Bu qrupun irəli sürdüyü nəzəriyyəyə görə, ətraf ərazilərdən su toplamaq və onu piramidanın içinə ötürmək üçün yaxınlıqda “Gesr el-Mudir” (جسر المدیر) adlı bir daş quruluş (körpü) layihələndirilmişdi.

    Su içəri daxil olduqdan sonra, suyun səviyyəsini qaldırmaq üçün üzmə sistemi istifadə olunurdu ki, bu da ağır daşları piramidanın içindən yuxarıya, onlara ehtiyac duyulan yerə daşıyırdı.

    Qədim misirlilər inşaat sahəsindəki yenilikləri sayəsində tikinti mütəxəssisləri kimi tanınırdılar və mütəxəssislər bunun onların bu ağıllı ideyanı tapmasına kömək etmiş ola biləcəyini düşünürlər.

    Piramidalar niyə tikilmişdir?

    Misir piramidaları dünyanın möcüzələrindəndir.

    Piramidaların əksəriyyəti məzarlıqlar kimi tikilmişdir; Misirin kraliyyət məmurlarının dəfn olunduğu və bütün dünyəvi sərvətlərini də özləri ilə apardıqları yerlər.

    Piramidaların tikilməsi əmri qədim Misir cəmiyyətinin Firon adlanan kralları tərəfindən verilmişdir.

    Fironlar tikililəri layihələndirmək və tikmək üçün ən yaxşı mühəndisləri və memarları tapırdılar.

    Bunların ən məşhuru, 147 metr hündürlüyündə olan və iki milyon 300 min böyük blokdan tikilmiş Gizada yerləşən Böyük Piramidadır.

  • Nasirəddin Şah: Bir dağ görünürdü; dağın adı Xan Görməzdir

    Nasirəddin Şah: Bir dağ görünürdü; dağın adı Xan Görməzdir

    Nasirəddin Şah Qacarın özü yazdığı xatirələr gündəliyi: 16 Rəcəb 1287 (20 Oktyabr 1870)

    Çərşənbə, 16 Rəcəb 1287 gününün səhəri yuxudan qalxdım, ata mindim və Abbasabad dərəsinə tərəf (Səlim Lalın bələdçiliyi ilə) çapırdım. Xeyli yol getdikdən sonra dərənin əvvəlinə çatdıq. Geniş bir dərədir, bol suyu var. Ortasından təmiz su axır, suyun və dərənin hər iki tərəfi ağaclardan ibarətdir. İndi payız və quraqlıq olsa da, yenə də səfalı idi. Baharda çox gözəl yer olmalıdır.

    Xülasə, çapdıq. Ağa Əli, Yəhya xan, Siyahi, Muçul xan, Mühaqqiq və başqaları var idi. Yəhya xan teleqrafxanaya qayıtdı. Ağaclıq və bağçanın sonuna çatdıq. Su iki qola ayrılırdı: bir qolu dərədən (Tuysərkan yolu) gəlirdi, digər qolu başqa bir dərədən. Bu dərənin yuxarısında, böyük bir qayanın üstündə qədim mixi xətlə iki səhifəlik ətraflı məlumat yazılmışdı, gedib tamaşa etdim. Xətləri xarab olmamışdı. Bu xətlərə baxan bir təpənin üstündə də xarabalıq qala var, lakin adam oxuya bilmədiyi üçün qəlbi sıxılırdı.

    Sonra aşağı endik, təmiz suyun kənarında, kölgəlik qurdular və nahar etdik. İrfançı, Mirzə Əli xan da gəldilər. Nahardan sonra atlara minib, bütün yolu Tuysərkana gedən Şəhristanə aşırımına tərəf getdik. Bütün yol hamardır, yoxuş heç hiss olunmur, sonda birdən yoxuş başlayır, lakin yol aşırıma qədər yaxşıdır. Aşırımın yuxarısına çıxıb əyləşdim, durbindən baxdım. Səlim kəndləri və dağları təqdim edirdi, gülməli idi. Tuysərkan düzənliyi görünürdü, çox gözəl, yaşıl və çox sərin (yaylaq) yerdir. Çoxlu kəndlər var, həddindən artıq cazibədar və gözəldir. Tuysərkan şəhəri görünmürdü, önünü bir dağ kəsmişdi, qəsəbənin ağaclarının bir hissəsi görünürdü. Bir dağ görünürdü (dağın adı Xan Görməzdir) səhranın ortasında, çox gözəl və yuxarısı düz, lakin ətrafı daşlıq və çox yamaclı [kəmər] idi. Dedilər, təkə-keci var.

    Kirmaşanındakı Bisotun dağı görünürdü. Nəhavənd, Luristan dağları görünürdü. Kəngavər düzənliyi və qəsəbəsi görünürdü. Bir qədər əyləşib tamaşa etdim. Nar yedim, çay içdim, namaz qıldım. Bu aşırımın başında Tuysərkan əhalisindən Murad xan Yavər keşikçi və tüfəngçi qoymuşdur ki, keçidləri qorusunlar. Əgər tüfəngçi olmasa oğurluq baş verər; lakin deyirdilər ki, bizə heç kəs heç nə vermir. Divandan məvacibləri yoxdur.

    Əlvəndin Tuysərkana doğru enişi çox azdır. Tuysərkanın ərazisi Həmədanın ərazisindən çox-çox yüksəkdir, əlbəttə, min zər (təxminən bir metr) daha yüksəkdir. Bu gün çoxlu luristanlı kömürləri öküzlərə yükləyib bu yolla Həmədana aparırdılar, çoxlu aparırdılar. Borucərd və Tuysərkandan qaçan Cahangir xan adlı luristanlıdan şikayət edirdilər. Bu Cahangir xan mütləq cəzalandırılmalı və ələ keçməlidir.

    Xülasə, Tuysərkandan (Əlvəndin ətəklərinə yaxın) gözə dəyən bəzi kəndlər aşağıdakılardır: Şəhristanə vəqfdir. Timiyan Murad xan Yavərin mülküdür. Sistanə Kərim xan və başqalarının mülküdür. Aştran Murad xan və başqalarının mülküdür. Kürzan Hacı Səədüddövlənin mülküdür. Vərdəv Hacı Hüseyn Mirzə və Səlim Lalın mülküdür – Səlim həmişə deyirdi: “Vərdəvətin” – Xan Görməz.

    Hacı Mirzə Əli də peyda olub gəldi. Xülasə, namazdan sonra atlara minib qayıtdıq. Çox yol idi, yoruldum. Yolun bir hissəsi də daşlıqdır. Abbasabad dərəsinin sonuna çatana yaxın, mənzilə yaxın, Müəyyir peyda oldu. Qızıl yuyanlar bir yer düzəltmişdilər, piyada düşdüm. Oradakı əşyaları çıxardıq. Hər cür əşya var idi: xırda qızıl, sınmış gümüş, müxtəlif qədim qızıl və gümüş sikkələr, qızıl məlilə (filiqran) əşyaları, qurğuşun və misdən hazırlanmış əşyalar, qara pul (mis sikkə), çoxlu mıx, çox böyük ox ucu. Orada çox dayandıq, lakin Hacı Mirzə Əli qızıl yumağı qətiyyətlə inkar edir.

    Sonra mənzilə gəldik. Aişə hələ də yaxşılaşmayıb, inşallah yaxşılaşar. Sonra axşam oldu. Yorğun idim, yatdım.

    Bu gün günorta Anisəddövlənin çadırında hərəmxanaya getdim. Mərhum Məhəmməd Əli Mirzənin qızı (Xosrov Mirzənin arvadı) olan Hacı Şahzadə orada idi. Onun qızı Müəyyidüddövlənin oğlu Məhəmməd Mehdi Mirzənin arvadıdır. Qısa boylu qız idi, lakin zirək bir yaramaz idi, o qədər də gözəl deyildi. Bu qızın təxminən iki min tümənlik zinət əşyası iki ay əvvəl oğurlanmışdı, Yalfanda (Malyərdə) tapılmışdı ki, həmin bilərzik və əşyalar onun əlində idi.

    Mərhum Mülkaraının kiçik qızı, kor Xosrov Mirzənin oğlunun arvadı olan (və bu oğul da molladır) çox, çox, çox gözəl idi, indiyə qədər bu cür zərif və yaxşı qadın görməmişdim; o da orada dayanmışdı. Mərhum Cahangir Mirzənin (Məhəmməd Əli Mirzənin oğlu) qızı ki, o da Müəyyidüddövlənin oğlunun (oğlunun adı Cəlaləddin Mirzədir) arvadıdır, çox, çox, çox gözəl idi, hər şey tam, daha nə tərif olunsun? Bir qədər dayanıb söhbət etdim, çox heyfsiləndim və hərəmxanadan çadıra getdik. Bu gecə yorğun idim, yatdım.

    Mənbə: Nasirəddin Şah Qacarın Rəbiüləvvəl 1287-dən Şəvval 1288-ə qədər olan Xatirələr Gündəliyi, Kərbəla və Nəcəf Səfərnaməsi ilə birlikdə, tərtibatçı: Məcid Əbdəmin, Tehran: Dr. Mahmud Əfşar Nəşriyyatı, birinci nəşr, Qış 1398, səh. 91-93.

  • «Stalin deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır…»

    «Stalin deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır…»

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin verdiyi müsahibə

    Sultan Laçın

    “…Səhərə qədər ora-bura qaçan siçovullara baxa-baxa gözümü yummurdum. Yatsaydım, soyuqdan donardım… Babamın şəhərdəki mülklərindən biri bu zirzəmidən çox da uzaqda deyildi. Ancaq orada Allah bilir, kimlər yaşayırdı…”.

    …Onun babası Şərqdə ilk müstəqil dövlətin banisi idi. Amma o, həmin dövlətin paytaxtında nə yaşamaq üçün rahat bir yer, nə də qarın dolusu yemək üçün pul tapa bilirdi…

    Əvvəlkilərdən fərqli olaraq bugünkü “Labirint”imizin iki yolçusu var: baba və nəvə… Onların keçdiyi yol çox uzaq, dolanbac və üzüntülü, dəhşətli əzablarla doludur… Amma Bakıdan başlayıb İrandan, Türkiyədən, kimsəsiz Qazaxıstan çöllərindən, Moskvadan, Finlandiyadan, Polşadan, Almaniyadan, Macarıstandan və yenidən Ankaradan, Bakıdan keçən bu yol həm də Azərbaycanın istiqlal yoludur. Mühabiə 2014-cü ildə böyük Məhəmməd Əminin 130 illiyi ərəfəsində Alınıb…

    – Rəis bəy, maraqlıdır, babanız Məhəmməd Əmin bəy cəmi 17 yaşında Azərbaycanda Rusiyanın müstəmləkəçilik üsuli-idarəsinə qarşı mübarizəyə başlayan ilk gizli təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratmağı necə bacardı? Bəlkə onun arxasında hansısa bir güc dururdu, yaxud Azərbaycanın o vaxtkı ağsaqqallarından, ziyalılarından kimsə ona dəstək verirdi?

    – Məhəmməd Əmin bəy həddindən artıq istedadlı, fövqəladə bir insan olub. Tarixdə bir sıra nadir şəxsiyyətlər az yaşlarına baxmayaraq, nəhəng işlər görüblər. Məsələn, Şah İsmayıl 14 yaşında artıq taxt-tac sahibi olaraq Azərbaycanı bütövləşdirmək uğrunda mübarizəyə qalxıb. Mosart 3 yaşında musiqi əsərləri yazıb… Və s. Həm də 17 yaş insan üçün artıq az yaş deyil. Eyni zamanda, Məhəmməd Əmin mükəmməl savadlı bir axundun ailəsində böyümüşdü və hərtərəfli insan idi. Şeir də yazırdı, hətta “Qaranlıqda işıqlar” adlı bir pyes də yazmışdı… Digər tərəfdən, o dövrdə, Azərbaycanın müstəmləkə vəziyyətində olmasını və yaşından asılı olmayaraq ziyalı, savadlı insanların bunu dərk edərək mübarizəyə can atdıqlarını da nəzərə almaq gərəkdir. Babam da Vətən, millət nə olduğunu anlayandan istiqlal uğrunda mücadiləyə atılmağa qərar verib. Hətta atası bəzən ona deyirmiş ki, ay oğul, gəl bu yoldan əl çək, el üçün ağlayan kor olar. Ancaq Məhəmməd Əmin, öz şeirlərində də ifadə etdiyi kimi, bu yoldan dönməməyi qət etmişdi…

    – Rəsulzadə 1911-ci ildə Türkiyədə ola-ola Bakıda Müsavat Partiyasını yaratmağa necə nail oldu?

    – Məhəmməd Əmin 1908-ci ildən çar hökumətinin təqibləri nəticəsində İrana, sonra da Türkiyəyə getməli olur. Və 1911-ci ildə onun göstərişi ilə Bakıda əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Tağı Nağılının və b. təşkilatçılığı ilə Müsavat Partiyasının əsası qoyulur. 1913-cü ildə rus çarı Romanovlar sülaləsinin 300 illiyi münasibətilə geniş əfv fərmanı verəndə babam Bakıya qayıda bilir. Və Müsavata bilavasitə özü rəhbərlik edərək Azərbaycanı addım-addım istiqlala doğru aparır…

    – Bəzi araşdırmaçılar deyir ki, 1920-ci ildə ADR-in süqutunun əsas səbəblərindən biri Rəsulzadənin ingilislərin təsiri altında ölkə parlamentini həddindən artıq demokratik formalaşdırması, hətta Azərbaycanın açıq düşməni daşnaklara və bolşevik meyilli fraksiyalara da yer verməsi olub…

    – Bilirsiz, bəziləri məsələləri dərindən araşdırmadan yersiz nəticələrə gəlirlər. Amma tarixin gedişatı hər şeyi üzə çıxarır. Cümhuriyyətin süqutunun əsas səbəbi Azərbaycanın nəhəng, azğınlaşmış bir güc tərəfindən işğalı idi. Bunu bir divin yeni doğulmuş köməksiz bir körpəni boğmasına da bənzətmək olar. Digər daxili çəkişmələr ikinci dərəcəlidir…

    Amma Rəsulzadənin Şərqdə ilk demokratik dövlət yaratması, 114 min kv.km bir ərazidə dövlətimizin suverenliyini bərqərar etməsi Azərbaycanın üçrəngli bayrağını ucaltması, ilk dəfə qadınlara seçki hüququ verməsi və s. danılmaz faktlardır…

    – Məlumdur ki, 1905-ci ildə Balaxanıda fəhlələri tətilə qaldırmaq cəhdinə görə neft sahibkarları Stalini quyuya atmaq istəyəndə Məhəmməd Əmin buna imkan verməmiş, sonra isə onun Bayıl həbsxanasından qaçırılmasını da təşkil etmişdi. Stalin isə 1920-ci ildə babanızın həbs edildiyini bilən kimi türməyə gəlib onu azad edərək, öz vicdani borcunu yerinə yetirmişdi. Bəzi kommunist mənbələri bu günədək belə təbliğat aparırlar ki, guya Stalin babanıza təklif edib ki, ailəni də özünlə Moskvaya apara bilərsən, ancaq o, qəsddən xanımını və 4 övladını burada qoyub gedib…

    – Bəli, Rəsulzadə Stalinlə dost imişlər. Amma Stalin 1920-ci ildə onu azad edəndə deyib ki, sənə Azərbaycanla, ailənlə vidalaşmağa bir saat vaxt veririk. Onda da atam yenicə doğulubmuş. Babam ayrılanda onun üzündən öpür, adını da Azər qoyur (səsi titrəyir)… Yeri gəlmişkən, Azərbaycanda ilk Azər adı atamın adıdır ki, onu da babam öz oğluna ömrünün sonuna qədər həsrət qalacağı Vətəninin şərəfinə qoyub…

    Sonra Məhəmməd Əmin Stalinlə birgə Moskvaya gedir. İki il orada qalır. RSFSR Millətlər Komissarlığının mətbuat müvəkkili işləyir. Şərqşünaslıq İnstitutunda fars dilindən dərs deyir.

    Stalin Rəsulzadəyə yüksək vəzifələr təklif edir. Amma babam hamısından imtina edir. Stalin də deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır, nə təklif edirik, imtina edir. Babam isə Stalinə izah edirmiş ki, dostluğumuz öz yerində, ancaq mən Vətənimi müstəmləkəyə çevirmiş ölkənin rəhbərliyi ilə siyasi işbirliyində ola bilmərəm. Sonra burada Azərbaycan üçün heç bir iş görə bilməyəcəyini anlayan Məhəmməd Əmin məzuniyyət adı ilə Leninqrada, oradan da silahdaşlarının köməyi ilə gizli yolla Finlandiyaya keçir. Sonrası isə Türkiyə-Almaniya-Polşa- Rumıniya və yenidən Türkiyə… Ömrünün sonunadək qərib, amma Azərbaycanın istiqlalı uğrunda mübarizə ilə dolu bir keşməkeşli və şərəfli həyat sürür…

    – Bayaq dediyim mənbələrin yazdığına görə, guya Məhəmməd Əmin Moskvada qaldığı iki il müddətində Bakıya gəlib ailəsi ilə görüşə bilərdi, yəni Stalin buna şərait yaradardı…

    – Belə şöz-söhbətləri yayanlar xalqını, Vətənini sevməyən, imperiyalara baş əyməyi özünə şərəf bilən kölə xislətli insanlardır. İkincisi də, Stalin özü ona demişdi ki, Bakıda yaşamaq sənin üçün təhlükəlidir, səni müxtəlif bəhanələrlə həbs edə, güllələyə bilərlər. Buna görə də o bura gələ bilməzdi. Burada hələ Əliheydər Qarayev kimi ikiüzlülər var idi. O, Müsavat hökumətinə xəyanət etmişdi. Babam isə ona demişdi ki, bolşeviklər özləri səni güllələyəcək. Elə də oldu…

    – Rəsulzadə Stalinlə birgə Moskvaya gedərkən qatarda maraqlı söhbətləri də olur…

    – Yolda Stalin ona deyir ki, nə oldu siz bir dövlət qurdunuz, sonda dağıldı. Babam isə cavab verir ki, biz o dövləti çox yaşatmağa nail ola bilməsək də, azadlığın nə olduğunu xalqımıza dadızdırdıq…

    – Yenə də kommunistlər iddia edir ki, Rəsulzadənin ailəsi, övladları düz 17 il Bakıda sovet hakimiyyətinin himayəsində rahat yaşayıblar, təhsil alıblar. Ancaq 1930-cu illərdə Polşa baş naziri Pilsudskinin himayəsində yaşayan Məhəmməd Əmin SSRİ-yə qarşı açıq təxribatlar apardığına, müxtəlif bölgələrdə, o cümlədən, Şəkidə üsyan təşkil etdiyinə görə Stalin onun ailəsini də sürgün etməyə məcbur olub…

    – Xeyr, o illərdə Rəsulzadələr rahat yaşaya bilməzdilər. Atam danışardı; böyük qardaşı, yəni əmim məktəbdən gələndə deyərmiş ki, yenə müəllimlər başlayıblar babamın əleyhinə danışmağa, guya o, xalqa xəyanət edib. Yəni nəslimiz əvvəl mənəvi-psixoloji təzyiqlər altında yaşayıb, 1936-1937-ci illərdə isə güllələnmələr, sürgünlər başlanıb. Rəsulzadələr nəslindən təxminən minə yaxın insan güllələnib, ya da həbsdə, sürgünlərdə həlak olub, itkin düşüb… 56 illik sürgündən sonra Vətəndə uyumaq yalnız atam Azər bəyə nəsib olub… Siz təsəlliyə baxın (kövrəlir)… Elə sinə daşında da yazılıb: “56 illik sürgündən sonra Vətəndə uyumaq yalnız sənə qismət olub. Allah sənə və məzarı Azərbaycandan uzaqlarda qalmış soydaşlarımıza cənnəti çox görməsin…”.

    – Amma Rəsulzadə türk jurnalisti adı ilə köçdüyü Polşada olarkən sovet dövlətinə qarşı doğrudan da güclü təbliğat aparıb…

    – Düzdü, babam Polşada olub. Pilsudskinin sovetlərə qarşı qurduğu “Prometey” təşkilatında iştirak edib. Pilsudskinin yanında məsləhətçi işləyib. Və Azərbaycan üçün öz çıxışları, məqalələri ilə müəyyən işlər görüb…

    – Bildiyimə görə, Məhəmməd Əmin bəy Polşada həmin marşal Pilsudskinin qardaşı qızı Vanda (sonradan Leyla) adlı bir xanımla ailə qurub. Amma övladları olmayıb, deyəsən…

    – Xeyr, Məhəmməd Əmin Pilsudski ilə nikahda olmayıb. Sadəcə, dost kimi yaşayıblar…

    – Babanızın Hitlerlə siyasi münasibətləri barədə nə bilirsiz?

    – Almanlar SSRİ-ni işğal edərkən hər bir region xalqlarını təsir altına almaq üçün nüfuzlu adamlar seçirdilər. Cənubi Qafqazda kimin belə nüfuza malik olması ilə maraqlananda babamın üzərində dayanırlar. Beləliklə, onun haqqında məlumat yığırlar. Və Məhəmməd Əmini xarici işlər naziri Ribentropla görüşdürürlər. Müzakirələr zamanı Məhəmməd Əmin Almaniya hökuməti qarşısında SSRİ-nin süqut edəcəyi halda Azərbaycanın istiqlalını tanımaq məsələsini qoyur. Ancaq Hitlerin Azərbaycanın müstəqilliyini tanımaq fikri olmadığı məlum olanda babam onların əməkdaşlıq təkliflərini rədd edir. Nəticədə ondan Almaniyanı 24 saat ərzində tərk etməyi tələb edirlər. O isə getməmişdən legionerlər qarşısında çıxış edərək bildirir ki, siz sovetlərlə müharibə zamanı digər dinc xalqlara güllə atmayın… Siz yalnız öz xalqınızın azadlığı uğrunda vuruşa bilərsiz. Daha sonra babam Rumıniyaya gedir. Orada Türkiyənin səfiri dostu idi, onun yanında qalır. Müharibə bitəndən sonra yenə Almaniyaya gedir və əsir soydaşlarımıza yerbəyer olmaqda kömək edir…

    – O da maraqlıdır ki, Məhəmməd Əmin bəy diktator Stalinlə dost olub, hətta faşist Hitlerlə siyasi münasibətlər qurub, amma Atatürklə araları bir az soyuq olub… Yəqin siyasi gedişat belə tələb edirdi?

    – Atatürk onun haqqında yazırdı ki, sən üç yaş məndən kiçiksən. Amma məndən üç il əvvəl istiqlal bayrağını qaldırdın. Mən də Türkiyədə o bayrağı enməyə qoymayacağam… Əvvəlcə münasibətləri yaxşı olub. Ancaq sonra 1923-cü ildən Rəsulzadə Türkiyədə SSRİ əleyhinə güclü təbliğat aparan zaman Kreml bu təbliğatı susdurmağı tələb edib. Atatürk də babama təklif edib ki, gəl millət vəkili ol, bu Azərbaycan məsələsini hələlik dayandır… Məhəmməd Əmin isə deyib ki, mən Azərbaycan uğrunda mübarizəni ömrümün sonunadək dayandıra bilmərəm. Ona görə də Almaniyaya köçüb…

    – Bir yerdə oxumuşam ki, Atatürk 1920-ci ilin avqustunda Türkiyə parlamentinin iclasında belə bir ifadə işlədib: “İngilislərə nökərçilik etməkdən zövq alan Müsavat hökuməti…”.

    – Bunlar uydurmalardı. Amma maraqlıdır ki, Stalin Rəsulzadənin “Azərbaycan cümhuriyyəti” kitabını o qədər bəyənmişdi, onu paylamışdı rəhbər işçilərə ki, oxuyun, öyrənin. Babamın təsir dairəsi o qədər güclü imiş ki, Stalin xüsusi qruplar göndərirmiş ki, xaricdə ona qarşı təbliğat aparsınlar…

    – Babanızın kim olduğunu ilk dəfə nə vaxt anlamışdınız?

    – Uşaqlıqdan bilirdim ki, babam çox nüfuzlu adamdı. Ancaq onun haqqında böyüklərimiz qorxa-qorxa danışdığından konkret nə iş gördüyünü bilmirdim. Böyüyəndə bildim…

    – Məhəmməd Əmin bəy vəfat edəndə ailənizə xəbər vermişdilərmi?

    – 1955-ci ildə babam Ankarada vəfat edəndə mənim cəmi 9 yaşım var idi. Biz də Karaqandada sürgündə idik. Sonradan atam deyirdi ki, DTK əməkdaşları gəlib mənə xəbər verdilər ki, atan vəfat edib…

    – Bakıya ilk dəfə gələndə sizə kimsə kömək etdimi?

    – Bakıya Rəssamlıq məktəbində oxumaq üçün gəlmişdim. Yox… Burada yerbəyer olunca çox əziyyətlər çəkmişəm…

    – Azərbaycan müstəqillik qazandıqdan sonra sizinlə maraqlanan ilk dövlət başçısı kim oldu?

    – Heydər Əliyev də məni qəbul edib, Elçibəylə, İsa Qəmbərlə görüşmüşəm. Mütəllibovun köməkçisi ilə görüşmüşəm… Heydər Əliyev 1994-cü ildə babamın 110 illiyi ilə bağlı göstəriş vermişdi ki, Rəsulzadə ailəsinin problemləri həll edilsin, o cümlədən, babamın heykəli qoyulsun, mülkləri qaytarılsın…

    – Bəs bu işlərin görülməsinə əngəl törədənlər kimlər oldu?

    – Bu işlə məşğul olmalı olan məmurlar…

    – Konkret ad çəkə bilərsinizmi?

    – Xeyr. Bir deyil-iki deyil…

    – Bir rəssam kimi ən çox uğur qazanan əsəriniz hansı olub?

    – Saymaq çətindi. Əsərlərim beynəlxalq sərgilərdə nümayiş etdirilib. Hazırda Moskva muzeylərində, İsraildə, Türkiyədə, Almaniyada var…

    – Bəs rəhbəri olduğunuz Siyasi Repressiya Qurbanları Assosiasiyasının işləri nə yerdədi? Ofisiniz yenə Nizami küçəsindəki həmin darısqal zirzəmidədi?

    – Bəli. Assosiasiyanın vəziyyəti ürəkaçan deyil. Əlillərlə, veteranlarla maraqlanırlar. Ancaq repressiya qurbanları ilə maraqlanmırlar. Gərək hökumət onların da problemləri ilə maraqlansın….

    – Rəis bəy, sizcə, bu gün Azərbaycanın müstəqilliyinə ən böyük təhlükə nədir?

    – Azərbaycanın coğrafi-siyasi mövqeyi elədir ki, dövlətimiz çox ölçülüb-biçilmiş siyasət aparmalıdır. Və məncə, xarici siyasətimiz uğurlu aparılır. İlham Əliyev ilk dəfə Məhəmməd Əminin qaldırdığı üçrəngli bayrağımızı dünyada ən uca yerdə duran bayraq kimi ucaldıb və inşallah, bu bayraq dünya durduqca enməyəcək…

    Həftə içi.- 2014.- 29 yanvar.

  • Sultan Süleyman Qanuni; Osmanlı Tarixinin Ən Böyük Hökmdarı

    Sultan Süleyman Qanuni; Osmanlı Tarixinin Ən Böyük Hökmdarı

    Sultan Süleyman I, tarixin “Möhtəşəm Süleyman” və “Böyük Qanuni” ləqəbləri ilə tanınan, Osmanlı imperiyasının qızıl dövrünü yaradan hökmdardır. O, həm qılınc, həm də qələm sahibi olaraq həm böyük bir döyüş fatihi, həm də ədalət və mədəniyyətin memarı olmuş və ardında ölümsüz bir miras qoymuşdur.

    Süleyman, 6 noyabr 1494-cü ildə Qara dənizin önəmli şəhərlərindən biri olan Trabzonda dünyaya gəlmişdir. Atası Sultan I. Səlim, Səlim Yavuz kimi tanınan, Osmanlı tarixinin ən qüdrətli və sərt hökmdarlarından biri idi və qısa taxt-tac dövründə Orta Şərqdə geniş fəthlər həyata keçirmiş, Osmanlı sultanları üçün ilk dəfə “Müsəlmanların Xəlifəsi” titulunu gətirmişdir.

    Süleyman belə bir atanın himayəsində və dövrün ən yaxşı müəllimləri tərəfindən yetişdirilmişdir. Uşaqlığında Qur’an, İslam hüququ, ədəbiyyat, hərbi elmlər, astronomiya və fəlsəfə ilə məşğul olmuş, üstün zəka və kəskin baxış qabiliyyəti göstərmişdir. Onun sənətə, şeirə, memarlığa və humanitar elmlərə marağı isə onu digər Osmanlı şahzadələrindən fərqləndirmişdir.

    26 yaşında atasının vəfatından sonra taxta çıxan Süleyman, xalq arasında böyük bir coşqu ilə qarşılanmışdır; çünki atasının əksinə, gənc sultan ilk təmaslarda yumşaq, ədalətli və müdrik bir görüntü göstərmişdir.

    Lakin tarix onu yalnız mədəni və yumşaq bir hökmdar kimi xatırlamır. Süleyman həm də nadir bir komandir və zəkalı siyasətçi idi. Osmanlı imperiyasının geniş və müxtəlif ərazilərində gücünü möhkəmlətmək üçün üç əsas sütuna dayanmalı olduğunu yaxşı anlamışdı: Kəsici qılınc, ədalətli qanun və əbədi sənət.

    Saltanatının başlanğıcında dövlət quruluşunda sürətli və dərin islahatlara başlamışdır. Əvvəllər saray intriqaları və qanlı rəqabətlərlə dolu olan saray, indi elm, düşüncə və sənətin mərkəzi olmuşdur. Süleyman sarayı, Osmanlı imperiyasının ürəyində yalnız siyasi qərarların alındığı yer deyil, həm də İslam dünyasında sənət və düşüncənin yüksəldiyi bir mərkəz olmuşdur.

    Gənc sultan yalnız sarayda oturan hökmdar deyildi. Böyük savaşlarda ordunun başında şəxsən iştirak etmişdir. Saltanatının ilk illərində Belqradı fəth etmiş, strateji önəmli Rodos adasını Şövalyələrdən almış və Macarıstandakı Mohaç Döyüşündə Osmanlı tarixinin ən böyük zəfərlərindən birini qazanmışdır.

    Süleyman yalnız siyasət və döyüş sahəsində deyil, mədəniyyət və sənət sahəsində də rəqibsiz idi. O, həm də “Mühəbbı” təxəllüsü ilə şair idi. Hürrem Sultan’a olan sevgisi Osmanlı tarixinin ən gözəl eşq hekayələrindən birinə ilham vermişdir.

    Tarixdə “Qanuni” kimi tanınmasının səbəbi isə hüquq və inzibati sahədə etdiyi dərin islahatlardır. Şəriəti qoruyaraq **“Osmanlı Qanunnaməsi”**ni hazırlamış və bu qanunlar üç əsrdən çox Osmanlı torpaqlarında tətbiq olunmuşdur.


    Mədəniyyət və Sənətin Qızıl Dövrü

    Süleymanın saltanatı Osmanlı tarixində mədəniyyət və sənətin ən parlaq dövrü olmuşdur. Sənət, memarlıq, ədəbiyyat və elm heç vaxt bu qədər inkişaf etməmişdir. O, yaxşı başa düşürdü ki, bir imperiyanın gücü yalnız fəth və sərvətlə ölçülmür; bir hökmdarın adını əbədi edən, buraxdığı mədəniyyət və sənət əsərləridir.

    Böyük layihələrindən biri İstanbulda inşa olunan Süleymaniyə Məscididir. Bu məscid həm ibadət yeri, həm də Osmanlı memarlığının simvolu olmuşdur. Layihəsi Osmanlı tarixinin ən böyük memarı Mimar Sinana həvalə edilmişdir. 57 metr hündürlüyündə və 27,5 metr diametrində kubbəsi dövrünün ən böyük kubbəsi olmuşdur. Süleymaniyə medrese, xəstəxana, kitabxana, aşevi, hamamlar və karvansaralarla bir mədəni mərkəz halına gəlmişdir.

    Süleyman mədəniyyəti yalnız memarlıqla məhdudlaşdırmamışdır. Saray şairlər, yazıçılar, rəssamlar, zərgərlər və xattatların toplandığı yer olmuşdur. Topkapı Sarayı bir növ sənət akademiyası kimi, sultanın maliyyə dəstəyi ilə yetənəkləri qorumuşdur.

    Eyni zamanda Osmanlı xətatı və zərgərlik sənəti bu dövrdə zirvəyə çatmışdır. Xattatlar Quran və divanlarda bənzərsiz əsərlər yaratmış, zərgərlər isə Avropa saraylarının arzusunda olduğu qiymətli və incə zinət əşyaları hazırlamışdır.

    Süleyman elmə də önəm vermişdir. Medresələrdə astronomiya, fəlsəfə, tibb, riyaziyyat və musiqi dərsləri tədris olunmuşdur. O özü də şeir yazmış, zərgərliklə məşğul olmuş və xətat sənətinə maraq göstərmişdir.


    Ədalətin Memarı: Tarixi Dəyişdirən Qanunlar

    Süleymanı yalnız savaşları və sənət əsərləri ilə xatırlamaq onun böyüklüyünün bir hissəsini görməmək olar. O, hüquqi, inzibati və maliyyə islahatları ilə Osmanlı dövlətini dərin şəkildə dəyişdirmişdir. “Süleyman Qanuni” ləqəbi onun qanunları tərtib etməkdəki bənzərsiz rolunu göstərir.

    O, böyük bir imperiyanı ədalətli və dini-etnik ayrı-seçkilikdən uzaq qanunlarla idarə etməyin vacibliyini başa düşmüşdür. Bu səbəbdən Osmanlı Qanunnaməsi hazırlanmış, vergi, mülkiyyət, cinayət hüququ, sosial əlaqələr və azlıq hüquqlarını əhatə edən qaydalar qəbul edilmişdir.

    Onun ən önəmli islahatlarından biri, ölüm cəzasını azaltmaq və daha məqbul cəzalar tətbiq etmək olmuşdur. Vergi islahatları ilə xüsusilə xristian və yəhudi azlıqların iqtisadi yükü yüngülləşdirilmişdir. 1554-cü ildə yəhudilərə qarşı “qan iftirası”nı açıq şəkildə qadağan edən fermanı ilə ədalət və uzaqgörənliyini göstərmişdir.


    Hərbi Zəfərlər və Fətirlər

    Süleyman hərbi sahədə də rəqibsiz idi. 1521-ci ildə Belqradı, 1522-ci ildə Rodosu, 1526-cı ildə Mohaç Döyüşündə Macar ordusunu məğlub etmişdir. 1529-cu ildə Vyana qapılarına çatmış, Şərq və Şimali Afrikada mühüm şəhərləri Osmanlı torpaqlarına qatmışdır. 1538-ci ildə Preveze Dəniz Zəfəri ilə Aralıq dənizində Osmanlı hakimiyyətini möhkəmlətmişdir.

    O, fəthləri yalnız torpaq genişləndirmək üçün deyil, mədəniyyət, elm, sənət və ədaləti yaymaq üçün istifadə etmişdir. Hər yeni torpaqda medrese, xəstəxana, karvansara və məscid inşa etdirilmişdir.


    Ölümü və Mirası

    Sultan Süleyman 1566-cı ildə Zigetvar Seferi zamanı vəfat etmişdir. Cənazəsi İstanbulda Süleymaniyə Məscidi yanında dəfn edilmiş, ürəyi isə vəsiyyətinə uyğun olaraq öldüyü yerdə basdırılmışdır. Sultan Süleymanın həyatı və ölümü, onun möhtəşəm və qüdrətli həyatının bir əksidir.ın bir yansıması olarak tarihe geçmiştir.

    Qaynaq: Rouydad24

Son Xabarlar