Category: Box2

  • Misirlilər piramidaları tikmək üçün liftlərdənmi istifadə ediblər?

    Misirlilər piramidaları tikmək üçün liftlərdənmi istifadə ediblər?

    Misir piramidaları minlərlə il əvvəl tikilib, lakin onların necə inşa edildiyi uzun müddətdir ki, alimləri heyrətləndirir.

    Bununla belə, indi mütəxəssislər piramidaların necə tikilməsinin sirrini açmış ola biləcəklərini düşünürlər.

    Yeni bir araşdırma, qədim misirlilərin piramidanın daxilində “su lifti”ndən istifadə etdikləri nəzəriyyəsini irəli sürür.

    Eynilə vulkanlardan lava yerin içindən çıxdığı kimi, bu üsulla da nəhəng daşlar bir otaq vasitəsilə yuxarıya daşın bilər.

    Mütəxəssislər nə kəşf ediblər?

    Cosərin Pilləli Piramidası Misirin ən qədim piramidası kimi tanınır. Bu piramida dörd min 500 ildən daha çox əvvəl tikilib.

    Misirin paytaxtı Qahirənin cənubunda yerləşən bu piramida altı pilləli təbəqədə nəzərəçarpan 62.5 metr hündürlüyə çatır.

    İndi, fransız tədqiqatçılardan ibarət bir qrup bu nəhəng piramidanın necə tikildiyini anlamış ola biləcəklərinə inanır.

    Mütəxəssislər piramidanın ətrafındakı mənzərələri, habelə tunelləri və binanın içini araşdırıblar və qədim misirlilərin su əsaslı bir sistemdən istifadə etmiş ola biləcəyini göstərən dəlillər tapdıqlarını deyirlər.

    Bu qrupun irəli sürdüyü nəzəriyyəyə görə, ətraf ərazilərdən su toplamaq və onu piramidanın içinə ötürmək üçün yaxınlıqda “Gesr el-Mudir” (جسر المدیر) adlı bir daş quruluş (körpü) layihələndirilmişdi.

    Su içəri daxil olduqdan sonra, suyun səviyyəsini qaldırmaq üçün üzmə sistemi istifadə olunurdu ki, bu da ağır daşları piramidanın içindən yuxarıya, onlara ehtiyac duyulan yerə daşıyırdı.

    Qədim misirlilər inşaat sahəsindəki yenilikləri sayəsində tikinti mütəxəssisləri kimi tanınırdılar və mütəxəssislər bunun onların bu ağıllı ideyanı tapmasına kömək etmiş ola biləcəyini düşünürlər.

    Piramidalar niyə tikilmişdir?

    Misir piramidaları dünyanın möcüzələrindəndir.

    Piramidaların əksəriyyəti məzarlıqlar kimi tikilmişdir; Misirin kraliyyət məmurlarının dəfn olunduğu və bütün dünyəvi sərvətlərini də özləri ilə apardıqları yerlər.

    Piramidaların tikilməsi əmri qədim Misir cəmiyyətinin Firon adlanan kralları tərəfindən verilmişdir.

    Fironlar tikililəri layihələndirmək və tikmək üçün ən yaxşı mühəndisləri və memarları tapırdılar.

    Bunların ən məşhuru, 147 metr hündürlüyündə olan və iki milyon 300 min böyük blokdan tikilmiş Gizada yerləşən Böyük Piramidadır.

  • Cəzanın İnkarı — Karl Marks

    Cəzanın İnkarı — Karl Marks

    10 oktyabr — Ölüm cəzasına qarşı beynəlxalq mübarizə günüdür.


    Cəza, ümumiyyətlə, başqalarını islah etmək və ya qorxutmaq vasitəsi kimi müəyyənləşdirilib.
    Amma siz kimsiniz ki, məni başqalarını islah etmək və ya qorxutmaq məqsədilə cəzalandırasınız?
    Üstəlik, tarix və “statistika” adlanan bir şey mövcuddur ki, ən dolğun sübutlarla göstərir: “Qabil” dövründən bəri dünya cəza vasitəsilə nə qorxudulub, nə də islah olunub. Əksinə, tam tərsi doğrudur.
    Mücərrəd hüquq baxımından insanın ləyaqətini abstrakt şəkildə tanıyan tək bir cəza nəzəriyyəsi var – o da Kantın nəzəriyyəsidir. Bu xüsusilə Hegelin ona verdiyi sərt formullarda görünür.
    Hegel deyirdi:
    “Cəza, cinayətkarın haqqıdır. O, öz iradəsinin nəticəsi olan bir hərəkətdir. Cinayətkar hüququ pozmaqla bu pozuntunu öz haqqı kimi elan edir. Cinayət hüququn inkarıdır. Cəza isə bu inkarın inkarıdır, yəni cinayətkarın özünün müdafiə etdiyi və özünə tətbiq etdiyi hüququn təsdiqidir.”
    (Hegel – Hüquq fəlsəfəsi)

    Şübhəsiz ki, bu formullaşmada bir saxtakarlıq var. Çünki Hegel cinayətkara məhkəmə sisteminin sadəcə bir nəticəsi və köləsi kimi baxmaq əvəzinə, onu taleyini öz iradəsi ilə müəyyən edən azad bir varlıq səviyyəsinə qaldırır.
    Məsələyə daha dərindən baxdıqda görürük ki, burada alman idealizmi, çox hallarda olduğu kimi, mövcud ictimai qanunlara fövqəltəbii bir qətiyyət verir.
    Bəs bu saxtakarlıq deyilmi ki, insanın gerçək motivlərini, onu sıxan sosial mühit və şəraitləri kənara qoyub, insanın çoxsaylı xüsusiyyətlərindən yalnız birini — “azad iradə”ni götürüb, onu bütöv insanın yerinə qoya?
    Bu nəzəriyyə, cəzanı cinayətkarın öz iradəsinin nəticəsi kimi dəyərləndirməklə, qədim “qisas qanunu”nun metafizik ifadəsindən başqa bir şey deyil (eyni növ cəza ilə cavab vermə haqqı).
    Açığı budur ki, cəza — cəmiyyətin öz həyati şərtlərinin pozulmasına qarşı, bu şərtlərin mahiyyətindən asılı olmayaraq, özünü müdafiə vasitəsidir.
    Amma sual olunur: özünü müdafiə etmək üçün cəlladdan daha yaxşı bir vasitə tanımayan, vəhşiliyini əbədi bir qanun kimi təqdim edən bu necə bir cəmiyyətdir?
    Cənab A. Kütle (A. Quetelet) öz dərin və elmi əsərində yazırdı:

    “Biz dəhşətli bir dəqiqliklə, həbsxanalara, zindanlara, edam meydanlarına və s. üçün büdcə ayırırıq. Biz təxmin edə bilirik ki, nə qədər insan başqa insanların qanına bulaşacaq, nə qədər saxtakar olacaq, nə qədər adam həbsə düşəcək — təxminən doğum və ölüm göstəriciləri kimi…”
    Kütle 1829-cu ildə dərc olunan “Cinayət ehtimalları” adlı işində 1830-cu ildə Fransada baş verəcək cinayətlərin sayını və növlərini heyrətamiz dəqiqliklə əvvəlcədən müəyyən etmişdi.
    Əslində cinayətlərə səbəb olan, təkcə müəyyən siyasi qurumlar deyil, müasir burjua cəmiyyətinin əsas şərtlərinin özüdür.
    Belə olduqda, cəlladı — yəni yeni cinayətkarlar üçün yer açmaq məqsədilə yüzlərlə cinayətkarı edam edən adamı — tərifləmək və ucaldatmaq əvəzinə,
    cinayətin və cinayətkarın qaynağı olan sistemin özünün dəyişdirilməsini tələb etmək vacib deyilmi?

  • «Stalin deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır…»

    «Stalin deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır…»

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin verdiyi müsahibə

    Sultan Laçın

    “…Səhərə qədər ora-bura qaçan siçovullara baxa-baxa gözümü yummurdum. Yatsaydım, soyuqdan donardım… Babamın şəhərdəki mülklərindən biri bu zirzəmidən çox da uzaqda deyildi. Ancaq orada Allah bilir, kimlər yaşayırdı…”.

    …Onun babası Şərqdə ilk müstəqil dövlətin banisi idi. Amma o, həmin dövlətin paytaxtında nə yaşamaq üçün rahat bir yer, nə də qarın dolusu yemək üçün pul tapa bilirdi…

    Əvvəlkilərdən fərqli olaraq bugünkü “Labirint”imizin iki yolçusu var: baba və nəvə… Onların keçdiyi yol çox uzaq, dolanbac və üzüntülü, dəhşətli əzablarla doludur… Amma Bakıdan başlayıb İrandan, Türkiyədən, kimsəsiz Qazaxıstan çöllərindən, Moskvadan, Finlandiyadan, Polşadan, Almaniyadan, Macarıstandan və yenidən Ankaradan, Bakıdan keçən bu yol həm də Azərbaycanın istiqlal yoludur. Mühabiə 2014-cü ildə böyük Məhəmməd Əminin 130 illiyi ərəfəsində Alınıb…

    – Rəis bəy, maraqlıdır, babanız Məhəmməd Əmin bəy cəmi 17 yaşında Azərbaycanda Rusiyanın müstəmləkəçilik üsuli-idarəsinə qarşı mübarizəyə başlayan ilk gizli təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratmağı necə bacardı? Bəlkə onun arxasında hansısa bir güc dururdu, yaxud Azərbaycanın o vaxtkı ağsaqqallarından, ziyalılarından kimsə ona dəstək verirdi?

    – Məhəmməd Əmin bəy həddindən artıq istedadlı, fövqəladə bir insan olub. Tarixdə bir sıra nadir şəxsiyyətlər az yaşlarına baxmayaraq, nəhəng işlər görüblər. Məsələn, Şah İsmayıl 14 yaşında artıq taxt-tac sahibi olaraq Azərbaycanı bütövləşdirmək uğrunda mübarizəyə qalxıb. Mosart 3 yaşında musiqi əsərləri yazıb… Və s. Həm də 17 yaş insan üçün artıq az yaş deyil. Eyni zamanda, Məhəmməd Əmin mükəmməl savadlı bir axundun ailəsində böyümüşdü və hərtərəfli insan idi. Şeir də yazırdı, hətta “Qaranlıqda işıqlar” adlı bir pyes də yazmışdı… Digər tərəfdən, o dövrdə, Azərbaycanın müstəmləkə vəziyyətində olmasını və yaşından asılı olmayaraq ziyalı, savadlı insanların bunu dərk edərək mübarizəyə can atdıqlarını da nəzərə almaq gərəkdir. Babam da Vətən, millət nə olduğunu anlayandan istiqlal uğrunda mücadiləyə atılmağa qərar verib. Hətta atası bəzən ona deyirmiş ki, ay oğul, gəl bu yoldan əl çək, el üçün ağlayan kor olar. Ancaq Məhəmməd Əmin, öz şeirlərində də ifadə etdiyi kimi, bu yoldan dönməməyi qət etmişdi…

    – Rəsulzadə 1911-ci ildə Türkiyədə ola-ola Bakıda Müsavat Partiyasını yaratmağa necə nail oldu?

    – Məhəmməd Əmin 1908-ci ildən çar hökumətinin təqibləri nəticəsində İrana, sonra da Türkiyəyə getməli olur. Və 1911-ci ildə onun göstərişi ilə Bakıda əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Tağı Nağılının və b. təşkilatçılığı ilə Müsavat Partiyasının əsası qoyulur. 1913-cü ildə rus çarı Romanovlar sülaləsinin 300 illiyi münasibətilə geniş əfv fərmanı verəndə babam Bakıya qayıda bilir. Və Müsavata bilavasitə özü rəhbərlik edərək Azərbaycanı addım-addım istiqlala doğru aparır…

    – Bəzi araşdırmaçılar deyir ki, 1920-ci ildə ADR-in süqutunun əsas səbəblərindən biri Rəsulzadənin ingilislərin təsiri altında ölkə parlamentini həddindən artıq demokratik formalaşdırması, hətta Azərbaycanın açıq düşməni daşnaklara və bolşevik meyilli fraksiyalara da yer verməsi olub…

    – Bilirsiz, bəziləri məsələləri dərindən araşdırmadan yersiz nəticələrə gəlirlər. Amma tarixin gedişatı hər şeyi üzə çıxarır. Cümhuriyyətin süqutunun əsas səbəbi Azərbaycanın nəhəng, azğınlaşmış bir güc tərəfindən işğalı idi. Bunu bir divin yeni doğulmuş köməksiz bir körpəni boğmasına da bənzətmək olar. Digər daxili çəkişmələr ikinci dərəcəlidir…

    Amma Rəsulzadənin Şərqdə ilk demokratik dövlət yaratması, 114 min kv.km bir ərazidə dövlətimizin suverenliyini bərqərar etməsi Azərbaycanın üçrəngli bayrağını ucaltması, ilk dəfə qadınlara seçki hüququ verməsi və s. danılmaz faktlardır…

    – Məlumdur ki, 1905-ci ildə Balaxanıda fəhlələri tətilə qaldırmaq cəhdinə görə neft sahibkarları Stalini quyuya atmaq istəyəndə Məhəmməd Əmin buna imkan verməmiş, sonra isə onun Bayıl həbsxanasından qaçırılmasını da təşkil etmişdi. Stalin isə 1920-ci ildə babanızın həbs edildiyini bilən kimi türməyə gəlib onu azad edərək, öz vicdani borcunu yerinə yetirmişdi. Bəzi kommunist mənbələri bu günədək belə təbliğat aparırlar ki, guya Stalin babanıza təklif edib ki, ailəni də özünlə Moskvaya apara bilərsən, ancaq o, qəsddən xanımını və 4 övladını burada qoyub gedib…

    – Bəli, Rəsulzadə Stalinlə dost imişlər. Amma Stalin 1920-ci ildə onu azad edəndə deyib ki, sənə Azərbaycanla, ailənlə vidalaşmağa bir saat vaxt veririk. Onda da atam yenicə doğulubmuş. Babam ayrılanda onun üzündən öpür, adını da Azər qoyur (səsi titrəyir)… Yeri gəlmişkən, Azərbaycanda ilk Azər adı atamın adıdır ki, onu da babam öz oğluna ömrünün sonuna qədər həsrət qalacağı Vətəninin şərəfinə qoyub…

    Sonra Məhəmməd Əmin Stalinlə birgə Moskvaya gedir. İki il orada qalır. RSFSR Millətlər Komissarlığının mətbuat müvəkkili işləyir. Şərqşünaslıq İnstitutunda fars dilindən dərs deyir.

    Stalin Rəsulzadəyə yüksək vəzifələr təklif edir. Amma babam hamısından imtina edir. Stalin də deyirmiş ki, bu Rəsulzadə çox maraqlı insandır, nə təklif edirik, imtina edir. Babam isə Stalinə izah edirmiş ki, dostluğumuz öz yerində, ancaq mən Vətənimi müstəmləkəyə çevirmiş ölkənin rəhbərliyi ilə siyasi işbirliyində ola bilmərəm. Sonra burada Azərbaycan üçün heç bir iş görə bilməyəcəyini anlayan Məhəmməd Əmin məzuniyyət adı ilə Leninqrada, oradan da silahdaşlarının köməyi ilə gizli yolla Finlandiyaya keçir. Sonrası isə Türkiyə-Almaniya-Polşa- Rumıniya və yenidən Türkiyə… Ömrünün sonunadək qərib, amma Azərbaycanın istiqlalı uğrunda mübarizə ilə dolu bir keşməkeşli və şərəfli həyat sürür…

    – Bayaq dediyim mənbələrin yazdığına görə, guya Məhəmməd Əmin Moskvada qaldığı iki il müddətində Bakıya gəlib ailəsi ilə görüşə bilərdi, yəni Stalin buna şərait yaradardı…

    – Belə şöz-söhbətləri yayanlar xalqını, Vətənini sevməyən, imperiyalara baş əyməyi özünə şərəf bilən kölə xislətli insanlardır. İkincisi də, Stalin özü ona demişdi ki, Bakıda yaşamaq sənin üçün təhlükəlidir, səni müxtəlif bəhanələrlə həbs edə, güllələyə bilərlər. Buna görə də o bura gələ bilməzdi. Burada hələ Əliheydər Qarayev kimi ikiüzlülər var idi. O, Müsavat hökumətinə xəyanət etmişdi. Babam isə ona demişdi ki, bolşeviklər özləri səni güllələyəcək. Elə də oldu…

    – Rəsulzadə Stalinlə birgə Moskvaya gedərkən qatarda maraqlı söhbətləri də olur…

    – Yolda Stalin ona deyir ki, nə oldu siz bir dövlət qurdunuz, sonda dağıldı. Babam isə cavab verir ki, biz o dövləti çox yaşatmağa nail ola bilməsək də, azadlığın nə olduğunu xalqımıza dadızdırdıq…

    – Yenə də kommunistlər iddia edir ki, Rəsulzadənin ailəsi, övladları düz 17 il Bakıda sovet hakimiyyətinin himayəsində rahat yaşayıblar, təhsil alıblar. Ancaq 1930-cu illərdə Polşa baş naziri Pilsudskinin himayəsində yaşayan Məhəmməd Əmin SSRİ-yə qarşı açıq təxribatlar apardığına, müxtəlif bölgələrdə, o cümlədən, Şəkidə üsyan təşkil etdiyinə görə Stalin onun ailəsini də sürgün etməyə məcbur olub…

    – Xeyr, o illərdə Rəsulzadələr rahat yaşaya bilməzdilər. Atam danışardı; böyük qardaşı, yəni əmim məktəbdən gələndə deyərmiş ki, yenə müəllimlər başlayıblar babamın əleyhinə danışmağa, guya o, xalqa xəyanət edib. Yəni nəslimiz əvvəl mənəvi-psixoloji təzyiqlər altında yaşayıb, 1936-1937-ci illərdə isə güllələnmələr, sürgünlər başlanıb. Rəsulzadələr nəslindən təxminən minə yaxın insan güllələnib, ya da həbsdə, sürgünlərdə həlak olub, itkin düşüb… 56 illik sürgündən sonra Vətəndə uyumaq yalnız atam Azər bəyə nəsib olub… Siz təsəlliyə baxın (kövrəlir)… Elə sinə daşında da yazılıb: “56 illik sürgündən sonra Vətəndə uyumaq yalnız sənə qismət olub. Allah sənə və məzarı Azərbaycandan uzaqlarda qalmış soydaşlarımıza cənnəti çox görməsin…”.

    – Amma Rəsulzadə türk jurnalisti adı ilə köçdüyü Polşada olarkən sovet dövlətinə qarşı doğrudan da güclü təbliğat aparıb…

    – Düzdü, babam Polşada olub. Pilsudskinin sovetlərə qarşı qurduğu “Prometey” təşkilatında iştirak edib. Pilsudskinin yanında məsləhətçi işləyib. Və Azərbaycan üçün öz çıxışları, məqalələri ilə müəyyən işlər görüb…

    – Bildiyimə görə, Məhəmməd Əmin bəy Polşada həmin marşal Pilsudskinin qardaşı qızı Vanda (sonradan Leyla) adlı bir xanımla ailə qurub. Amma övladları olmayıb, deyəsən…

    – Xeyr, Məhəmməd Əmin Pilsudski ilə nikahda olmayıb. Sadəcə, dost kimi yaşayıblar…

    – Babanızın Hitlerlə siyasi münasibətləri barədə nə bilirsiz?

    – Almanlar SSRİ-ni işğal edərkən hər bir region xalqlarını təsir altına almaq üçün nüfuzlu adamlar seçirdilər. Cənubi Qafqazda kimin belə nüfuza malik olması ilə maraqlananda babamın üzərində dayanırlar. Beləliklə, onun haqqında məlumat yığırlar. Və Məhəmməd Əmini xarici işlər naziri Ribentropla görüşdürürlər. Müzakirələr zamanı Məhəmməd Əmin Almaniya hökuməti qarşısında SSRİ-nin süqut edəcəyi halda Azərbaycanın istiqlalını tanımaq məsələsini qoyur. Ancaq Hitlerin Azərbaycanın müstəqilliyini tanımaq fikri olmadığı məlum olanda babam onların əməkdaşlıq təkliflərini rədd edir. Nəticədə ondan Almaniyanı 24 saat ərzində tərk etməyi tələb edirlər. O isə getməmişdən legionerlər qarşısında çıxış edərək bildirir ki, siz sovetlərlə müharibə zamanı digər dinc xalqlara güllə atmayın… Siz yalnız öz xalqınızın azadlığı uğrunda vuruşa bilərsiz. Daha sonra babam Rumıniyaya gedir. Orada Türkiyənin səfiri dostu idi, onun yanında qalır. Müharibə bitəndən sonra yenə Almaniyaya gedir və əsir soydaşlarımıza yerbəyer olmaqda kömək edir…

    – O da maraqlıdır ki, Məhəmməd Əmin bəy diktator Stalinlə dost olub, hətta faşist Hitlerlə siyasi münasibətlər qurub, amma Atatürklə araları bir az soyuq olub… Yəqin siyasi gedişat belə tələb edirdi?

    – Atatürk onun haqqında yazırdı ki, sən üç yaş məndən kiçiksən. Amma məndən üç il əvvəl istiqlal bayrağını qaldırdın. Mən də Türkiyədə o bayrağı enməyə qoymayacağam… Əvvəlcə münasibətləri yaxşı olub. Ancaq sonra 1923-cü ildən Rəsulzadə Türkiyədə SSRİ əleyhinə güclü təbliğat aparan zaman Kreml bu təbliğatı susdurmağı tələb edib. Atatürk də babama təklif edib ki, gəl millət vəkili ol, bu Azərbaycan məsələsini hələlik dayandır… Məhəmməd Əmin isə deyib ki, mən Azərbaycan uğrunda mübarizəni ömrümün sonunadək dayandıra bilmərəm. Ona görə də Almaniyaya köçüb…

    – Bir yerdə oxumuşam ki, Atatürk 1920-ci ilin avqustunda Türkiyə parlamentinin iclasında belə bir ifadə işlədib: “İngilislərə nökərçilik etməkdən zövq alan Müsavat hökuməti…”.

    – Bunlar uydurmalardı. Amma maraqlıdır ki, Stalin Rəsulzadənin “Azərbaycan cümhuriyyəti” kitabını o qədər bəyənmişdi, onu paylamışdı rəhbər işçilərə ki, oxuyun, öyrənin. Babamın təsir dairəsi o qədər güclü imiş ki, Stalin xüsusi qruplar göndərirmiş ki, xaricdə ona qarşı təbliğat aparsınlar…

    – Babanızın kim olduğunu ilk dəfə nə vaxt anlamışdınız?

    – Uşaqlıqdan bilirdim ki, babam çox nüfuzlu adamdı. Ancaq onun haqqında böyüklərimiz qorxa-qorxa danışdığından konkret nə iş gördüyünü bilmirdim. Böyüyəndə bildim…

    – Məhəmməd Əmin bəy vəfat edəndə ailənizə xəbər vermişdilərmi?

    – 1955-ci ildə babam Ankarada vəfat edəndə mənim cəmi 9 yaşım var idi. Biz də Karaqandada sürgündə idik. Sonradan atam deyirdi ki, DTK əməkdaşları gəlib mənə xəbər verdilər ki, atan vəfat edib…

    – Bakıya ilk dəfə gələndə sizə kimsə kömək etdimi?

    – Bakıya Rəssamlıq məktəbində oxumaq üçün gəlmişdim. Yox… Burada yerbəyer olunca çox əziyyətlər çəkmişəm…

    – Azərbaycan müstəqillik qazandıqdan sonra sizinlə maraqlanan ilk dövlət başçısı kim oldu?

    – Heydər Əliyev də məni qəbul edib, Elçibəylə, İsa Qəmbərlə görüşmüşəm. Mütəllibovun köməkçisi ilə görüşmüşəm… Heydər Əliyev 1994-cü ildə babamın 110 illiyi ilə bağlı göstəriş vermişdi ki, Rəsulzadə ailəsinin problemləri həll edilsin, o cümlədən, babamın heykəli qoyulsun, mülkləri qaytarılsın…

    – Bəs bu işlərin görülməsinə əngəl törədənlər kimlər oldu?

    – Bu işlə məşğul olmalı olan məmurlar…

    – Konkret ad çəkə bilərsinizmi?

    – Xeyr. Bir deyil-iki deyil…

    – Bir rəssam kimi ən çox uğur qazanan əsəriniz hansı olub?

    – Saymaq çətindi. Əsərlərim beynəlxalq sərgilərdə nümayiş etdirilib. Hazırda Moskva muzeylərində, İsraildə, Türkiyədə, Almaniyada var…

    – Bəs rəhbəri olduğunuz Siyasi Repressiya Qurbanları Assosiasiyasının işləri nə yerdədi? Ofisiniz yenə Nizami küçəsindəki həmin darısqal zirzəmidədi?

    – Bəli. Assosiasiyanın vəziyyəti ürəkaçan deyil. Əlillərlə, veteranlarla maraqlanırlar. Ancaq repressiya qurbanları ilə maraqlanmırlar. Gərək hökumət onların da problemləri ilə maraqlansın….

    – Rəis bəy, sizcə, bu gün Azərbaycanın müstəqilliyinə ən böyük təhlükə nədir?

    – Azərbaycanın coğrafi-siyasi mövqeyi elədir ki, dövlətimiz çox ölçülüb-biçilmiş siyasət aparmalıdır. Və məncə, xarici siyasətimiz uğurlu aparılır. İlham Əliyev ilk dəfə Məhəmməd Əminin qaldırdığı üçrəngli bayrağımızı dünyada ən uca yerdə duran bayraq kimi ucaldıb və inşallah, bu bayraq dünya durduqca enməyəcək…

    Həftə içi.- 2014.- 29 yanvar.

  • Stephan Walt; 7 Oktyabrdan sonra dünya necə dəyişdi?

    Stephan Walt; 7 Oktyabrdan sonra dünya necə dəyişdi?

    1. bölüm

    Yazar: Ravi Agrawal, Foreign Policy jurnalının baş redaktoru
    Mənbə: Foreign Policy

    Dəqiq olaraq iki il əvvəl, 7 Oktyabr 2023-cü ildə, Hamas qüvvələri İsrail sərhəd divarlarını keçərək misli görünməmiş bir hücuma başladılar; bu hücumda 1200 israilli öldü. Lakin həmin gün, bu hücuma cavab olaraq baş verən faciələrin də zəncirini açdı və növbəti 24 ay ərzində davam etdi. Hava zərbələri və torpaq əməliyyatları nəticəsində 65 mindən çox fələstinli Qəzzada öldürüldü. BMT-nin istintaq komissiyası İsrailin soyqırım həyata keçirdiyini açıqlayıb; İsrail insan haqları təşkilatı “B’Tselem” də bu qiymətlərlə razıdır. Təxminlər göstərir ki, Qəzzadakı evlərin 90%-dən çoxu zədələnib və ya dağılıb. BMT-nin qida təhlükəsizliyi üzrə mütəxəssisləri isə Qəzza şəhərində aclığın hökm sürdüyünü təsdiqləyib.

    Lakin bu müharibənin təsirləri yalnız Qəzza ilə məhdudlaşmayıb. İran və İsrail arasında müharibə baş verdi və ABŞ birbaşa bu münaqişəyə daxil oldu. İsrail Livan, Suriya, Yəmən və hətta Qətərə hava zərbələri endirdi; bu isə bir çox insanın belə sual verməsinə səbəb oldu: “Beynəlxalq qanunların hələ də mənası və funksiyası varmı?” Dünyada da bu məsələ ətrafında dərin qütbləşmə müşahidə olunur; cəmiyyətlər və ölkələr hətta bu münaqişənin əsas həqiqətləri barədə ciddi fikir ayrılığı içindədirlər.

    Ravi Agrawal Foreign Policy jurnalında Harvard Universitetinin beynəlxalq münasibətlər üzrə professoru və məşhur “İsrail lobisi” kitabının müəllifi Stephan Walt ilə müsahibə edib; bu müsahibədə 7 Oktyabrdan bu yana dünyanın necə dəyişdiyi müzakirə olunub. Müsahibə iki hissəyə bölünüb; burada ilk hissəsini təqdim edirik:

    İki il həlledici

    Foreign Policy: 7 Oktyabr 2023-dən iki il sonra, indiki vəziyyət sizi təəccübləndirdimi?

    Walt: Bəzi sahələrdə, bəli. Heç kəs o gündən indiyə qədər baş verən hadisələrin tam miqyasını və təsir dairəsini əvvəlcədən proqnozlaşdıra bilməzdi. Biz bölgədə həm güc strukturu, həm də Cənub ölkələrinin baxışında həqiqi və dərin dəyişikliklər gördük.

    Mən həmişə Jake Sullivan-in sözlərini xatırlayıram; ABŞ milli təhlükəsizlik müşaviri, 7 Oktyabrdan bir neçə gün əvvəl Foreign Affairs jurnalında yazmışdı: “Yaxın Şərq son onilliklərdən daha sakitdir.” Ola bilsin həmin gün doğru idi, amma bu səthi sakitlik bölgənin dərin real vəziyyətini gizlədirdi. Bu gün isə heç kəs iddia etmir ki, Yaxın Şərq daha sakitdir.

    Foreign Policy: Siz dəyişikliklərdən bəhs etdiniz. Nəyi nəzərdə tutursunuz?

    Walt: Bölgədəki bir çox köhnə oyunçuların nisbətən gücü dəyişib. Hamas hələ də mövcuddur, amma əvvəlki gücünü itirib. Hezbollah ciddi zəifləyib və Livan siyasi quruluşu dəyişib. Suriya rejimi düşüb, yalnız bu münaqişə səbəbilə deyil, amma müharibənin rolu böyük olub. İranın nüvə proqramı məhv edilməyib, amma ciddi şəkildə məhdudlaşdırılıb. Ən əsası isə ABŞ-ın hələ də bölgəni “idarə” edə biləcəyi təsəvvürü sarsılıb. Əvvəllər Vaşinqtonun dəstəyinə güvənən ölkələr indi daha az inamlıdır və alternativ yollar axtarırlar. Bunların hamısı, birbaşa və ya dolayı, 7 Oktyabrdan başlayan hadisələrin nəticəsidir.

    “Beynəlxalq nizam”

    Foreign Policy: Beynəlxalq hüquqa keçək. İki il əvvəl bəzi ölkələr İsrailin özünü müdafiə haqqı olduğunu deyirdi. Amma bu gün həmin ölkələrin çoxu hesab edir ki, İsrail Qəzza və ümumiyyətlə Fələstinlilərə qarşı, həmçinin son sərhəd hücumlarında, o cümlədən Qətərə hücumlarında həddi aşdı – nəticədə Netanyahu rəsmi şəkildə Qətərə hücum üçün üzr istədi. Bu müharibə bitdikdən sonra beynəlxalq hüquqa və məsuliyyətdən azadlıq məsələsinə uzunmüddətli təsiri necə olacaq?

    Walt: Beynəlxalq hüquq 7 Oktyabrdan əvvəl də müxtəlif səbəblərlə zəifləyirdi. Ukrayna müharibəsi bunun açıq nümunəsidir; eləcə də ABŞ-ın “terrorizmə qarşı qlobal müharibə” çərçivəsindəki bəzi hərəkətləri. Bu proses çoxdan başlamışdı.

    Amma davamlılığı bu faktora bağlıdır: faciəkar hərəkət edənlər cavabdeh olacaqmı, yoxsa yox. Əgər İsrail rəsmiləri müharibə cinayətlərinə və ya soyqırıma görə məhkəməyə çəkilsə, bu mesajı gücləndirir ki, bəzi davranışlar qəbul edilməməlidir. Bu, Hamas liderləri üçün də keçərlidir.

    Buna baxmayaraq, hamımız bilirik ki, əksər əsas aktorlar sonda cəzasız qalacaq. Analitiklərin birinin dediyi kimi: “Qəzza müharibəsi başlayandan sonra, ABŞ növbəti dəfə qanuna əsaslanan nizamdan danışanda, məsələn Ukrayna ilə bağlı, artıq heç kəs qulaq asmayacaq.” Bu vəziyyət narahatdır; çünki beynəlxalq hüquq və mövcud normalar dövlətlərin davranışını məhdudlaşdıra bilməzsə, dünya daha çox qanunsuzluğa doğru gedir.

    Qanunsuz təhlükəli dünya

    Foreign Policy: BMT barədə də oxşar sualım var. Bu təşkilatın səmərəsizliyi və qütbləşməsi 7 Oktyabrdan əvvəl başlamışdı. Amma indi BMT-nin açar komissiyalarından biri Qəzza hadisələrini “soyqırım” adlandırıb, İsrail və ABŞ isə təşkilatı “antisemitik” sayır. Bu böhran daha da dərinləşməyibmi?

    Walt: Hər beynəlxalq təşkilat öz nüfuzunu və səmərəliliyini qorumaq üçün böyük güclərin dəstəyinə ehtiyac duyur. Bu ölkələr dəstəklərini dayandıranda, təşkilat praktik olaraq iflic olur. Bu, indi gördüyümüz vəziyyətdir. BMT-nin mövqeləri Vaşinqton və ya İsrail kimi müttəfiqlərinin siyasətinə zidd olduğu üçün ABŞ dəstəyini azaldıb, bəzən maneələr yaradır. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərini sanksiya ilə hədələyəndə, əslində qlobal hüquq sistemini zəiflətmiş olur.

    Təhlükə ondadır ki, qanunsuz dünya, qismən işləyən təşkilatlardan daha təhlükəlidir. Beynəlxalq nizam qaydalar olmadan idarə oluna bilməz. Əgər mövcud nizam, o cümlədən BMT, tədricən dağılarsa, sual yaranır: onun yerinə nə gələcək və yeni qaydaları kim yazacaq?

    Mənim narahatlığım odur ki, ABŞ-ın mövqeyi Çin və hətta Rusiya kimi ölkələrə fürsət verir ki, “Amerikan qanuna əsaslanan nizam mənasızdır” iddiasını irəli sürsünlər və gələcək qlobal qaydaların müəyyən edilməsində daha çox söz sahibi olsunlar. Bu baş verəcəkmi, yoxsa yox, böyük ölçüdə müharibənin aktorlarının cavabdeh olub-olmamasına və BMT-nin özünü islah edib-edə bilməyəcəyinə bağlıdır. ABŞ aktiv dəstəyi olmadan belə islahatın mümkün olması çətin görünür.

    Hansı nəzəriyyə vəziyyəti izah edir?

    Foreign Policy: Siz oxucularımız arasında çox məşhursunuz. Onlardan biri soruşub: “Beynəlxalq münasibətlərdə vəziyyəti izah edə biləcək nəzəriyyə varmı?”

    Walt: Bir neçə nəzəriyyə var ki, bu vəziyyəti qismən izah edə bilər. Bu mərhələdə fərdlərin təsirini görməməzlikdən gəlmək olmaz. Əgər prezident Co Bayden olmasa, ehtimal ki, reaksiyalar fərqli olardı; çünki Baydenin İsrailə şəxsi öhdəliyi var. Həmçinin, bu gün Donald Tramp olmasa, bəlkə başqa yol gedərdi. Buna görə fərdlərin roluna diqqət yetirən nəzəriyyələr burada əhəmiyyət kəsb edir.

    Eyni zamanda, “realizm” də aydın izah verir. Realizm deyir: əxlaqdan asılı olmayaraq, dövlətlər öz təhlükəsizliyini qorumaq üçün lazım olanı edirlər. Təhlükəsizliyi təhdid altında hiss edirlərsə və ya cəlbedici fürsət görürlərsə, oyun qaydalarını pozurlar. İsrailin davranışı bunun bariz nümunəsidir.

    Realizm həmçinin xatırladır ki, ABŞ hələ də üstün mövqedədir. Bu ölkə qısa müddətdə mənfəətsiz və uzunmüddətdə zərərli ola biləcək addımlar ata bilər, amma gücü və regiondan məsafəsi ona immunitet verir. Çünki Yaxın Şərqdə deyil, buna görə bir çox birbaşa nəticələrdən qorunur. Belə şəraitdə siyasətlər daha çox şəxsi, daxili və zövq əsaslı olur, nəinki realistin vurğuladığı soyuq hesablamalı siyasət.

    Foreign Policy: Sizin fikrinizcə, ərəb monarxiyaları üçün qərar qəbul etmək asandır, çünki onlar demokratiyalar kimi ictimai rəy barədə düşünmür?

    Walt: Düzdür. Bu baxımdan, onların əlbəyi açıqdır, amma xaricdən daha çox məhdudiyyətlərə məruz qalırlar. Bu bizi böyük suala gətirir: 7 Oktyabrın region və dünya geosiyasətinə təsiri nə olub?

    Çox sayda ərəb ölkəsi, neft və qazdan asılılığı azaltmaq üçün modernləşmə və islahat apararkən, indi çox daha qeyri-müəyyən bir mühitlə üzləşib. Onlar hələ də ABŞ dəstəyini istəyirlər, amma əvvəlki etimadı yoxdur. Qəzza və digər bölgələrdə gördüklərindən dərin narahatdırlar və bilirlər ki, İsrail bölgədə hegemon güc olmaq istəyir. Son iki ildə İsrail altı ərəb ölkəsinə qarşı hərbi əməliyyatlar həyata keçirib. Eyni zamanda, bu ölkələr qorxurlar ki, İsrail sərhədləri aşarsa, ABŞ onu dayandırmayacaq.

    Bu narahatlıq Səudiyyə Ərəbistanının Pakistanla müdafiə müqaviləsi imzalamasına, bəzi ərəb ölkələrinin Çinlə əlaqələri bərpa etməsinə və ya genişləndirməsinə, həmçinin Riyadın İranla gərginliyi azaltmaq üçün addım atmasına səbəb olub. Bütün bunlar əslində yeni qeyri-müəyyən təhlükəsizlik mühitinə uyğunlaşmadır. Bu ölkələr ABŞ-la birbaşa mübahisə etmək istəmirlər, amma hamısı özlərini gələcək üçün “sığortalayırlar”, çünki artıq əmin deyillər ki, Vaşinqton onların yanında olacaq.

    Ardl var…

  • İnanmırıq: Qara bağ komandası Avropa futbol mövsümünün ən böyük möcüzəsi

    İnanmırıq: Qara bağ komandası Avropa futbol mövsümünün ən böyük möcüzəsi

    Möhtəşəmdir; Azərbaycanın “Qarabağ” komandası, Paris Sen-Jermen və Real Madrid ilə yanaşı Çempionlar Liqasında parlayır.
    İranda fəaliyyət göstərən “Varzesh 3” saytının məlumatına görə, Qarabağ iki ilk oyununda qələbə qazanaraq Avropa yarışlarına qüsursuz start verib və qitənin ən böyük klubları ilə çiyin-çiyinə irəliləyir. Onlar deyirlər: «İnanmırıq ki, buradayıq».

    Bir yad axtarırsınız? Çox çəkməz. Sadəcə Çempionlar Liqasının qrup mərhələsinin cədvəlinə baxmaq kifayətdir: iki oyundan iki qələbə qazanan komandaları nəzərdən keçirin.

    Cədvəlin başında: Barselonada yenə parlayan Paris Sen-Jermen, ötən mövsümün finalçısı İnter, Kilyan Mbappeli Real Madrid, Bayern Münhen və Arsenal kimi nəhənglər və… Qarabağ. Bəli, düz oxudunuz: Azərbaycanın hazırkı çempionu.

    Qarabağ iki həftə əvvəl tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində Benfikanı səfərdə 3-2 hesabı ilə məğlub etdi, bu çərşənbə isə Kopenhagendən 2-0-lıq qələbə qazandı. Səkkiz il əvvəl heç bir qələbəsiz başa vurduqları yeganə çıxışlarından sonra indi müvəqqəti olaraq Avropa futbolunun zirvəsindədirlər.

    Qurban Qurbanov, komandanın baş məşqçisi: «Bəlkə altı xal gözləmirdim, amma inanırdım. Həmişə inamım vardı. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki hamısı meydanda bir yerdə idilər. Bu mövqedə olmaq möhtəşəmdir». Onun danimarkalı həmkarı Yakob Nestrup əlavə etdi: «Qarabağın güclü komanda olduğunu bilirdik və bunu gördük».

    Ölüm və güllələrin qarşısında

    Daxili çempionatda aparıcı olan Qarabağın Avropanın daha az tanınan yarışlarında zəngin təcrübəsi var. Performansları müxtəlif olub: ötən mövsüm Avropa Liqasının qrupunda 36-cı və sonuncu yer, ondan əvvəlki mövsümdə isə yarımfinalçı Bayer Leverkuzenə qarşı 1/8 final.

    Amma bu mövsüm Qarabağ fırtına kimi start götürdü: Portuqaliyada tarixi qələbə, 0-2 geri düşdükdən sonra Benfikanı məğlub etmək — bu, ötən mövsüm 1/4 finala çıxmış komandaya qarşı idi.

    Qalibiyyətin qəhrəmanlarından biri, Kopenhagenə qol vuran fransalı Abdulla Zubir «So Foot»a deyib: «Bu, klub üçün tarixi an idi. Hava limanındakı qarşılanma inanılmaz idi. Yeddi saatlıq uçuşdan yorğun idik, amma azarkeşləri görəndə güc topladıq. Bu bizim üçün vacib idi, amma onlar üçün daha böyük idi. O zaman başa düşdük ki, nə qədər böyük iş görmüşük».

    Bu uğur Azərbaycanda futboldan kənarda da təsir göstərir. Klub 1990-cı illərin ortalarından, Birinci Qarabağ müharibəsinin məğlubiyyətindən sonra Bakıda fəaliyyət göstərir. Qurbanov çərşənbə gecəsi dedi: «Həmişə oyunçularımdan əsgər kimi döyüşməyi istəmişəm. Onlara demişəm ki, onlar ölüm və güllələrin qarşısındadırlar. Biz 90 dəqiqə meydanda döyüşürük, sonra istirahət edirik».

    İrəli çıxmaq şansı varmı?

    2008-dən bəri komandaya rəhbərlik edən Qurbanov çoxmillətli heyəti idarə edir və paltardəyişmə otağında tərcüməçilər çalışır. Kopenhagene qarşı meydanda Zubir (Fransa), Mateus Silva (Braziliya), Kevin Medina (Kolumbiya), Oleksiy Kaşçuk (Ukrayna), Emmanuel Adai (Qana) və Leandro Andrade (Kabo-Verde) var idi.

    İndi sual budur: bu komandanın qrup mərhələsindən çıxmaq üçün real şansı varmı? İki yol var: ya ən yaxşı 8 komanda arasına girib birbaşa 1/8 finala çıxmaq, ya da ilk 24-lükdə olub fevralda pley-off oynamalıdırlar. Altı xalla Qarabağ düzgün yolda irəliləyir, amma ötən mövsüm Dinamo Zaqreb 11 xalla belə kənarda qaldı. Qarabağı çətin proqram gözləyir: Bilbaoya, Neapola və Liverpula səfər, üstəlik evdə Çelsi, Ayaks və Frankfurta qarşı oyunlar.

    Mateus Silva xəbərdarlıq edir: «Bu qələbələr bizi arxayınlaşdırmamalıdır. İşimizi davam etdirməliyik». Qurbanov əlavə edir: «Bəlkə 8 və ya 9 xal kifayət edər, amma bəzi şeylər bizdən asılı deyil. Rəqiblər indi bizi daha ciddi qəbul edirlər. Benfikadan sonra bizi 70-80 faiz ciddi qəbul edirdilərsə, indi 100 faizdir. Daha çox çalışmalı və daha cəsur olmalıyıq». Beləcə, cədvəlin zirvəsində möcüzəvi istisna olaraq qala bilsinlər.

Son Xabarlar